Çağırış! (bəhri-təbil) Dini

Çağırış! (bəhri-təbil) Dini



Dininə sahib ol ey bəni-insan!
Tapacaqsan nicatı
Yaşayıb, dərk edəcəksən həyatı
Biləcəksən qədrini bu kainatın
Dadı Allahdan əmanət
Et ibadət.
Et itaət
O mübarək varlığa hər dəm.
Bir gün gələcək gözləri qəm.
Ki, gedirsən.
Tərk edirsən həyatı varü-yoxunla.
O ötə dünyayə sarı.
Bircə gün namaz qıl barı.
Ya da aç o müqqədəs quranı bir gün.
Dua et,
Bəlkə edə qəlbindən sürgün.
Şeytani hisslərini.
O arağ içdiyin dişlər,
nə deyərlər İnkirə insan?
Hesab sorulan zamanda
Əllərin nə söyləyər?
Gözlərin edərmi inkar?
Rumkanın cingiltisi
Edəcək qulaqların kar.
Dilə gəlməz ayağların.
Hər yerin, səndən uzağdı.
Ürəyin qaynar bulağdı
O əzabdan, əsarətdən,
Qorxular arxanda dağdı.
Atacaqsan addımını cəhənnəmin narına sarı.
Arxaya baxma deyərlər.
Gördüyün fani dəyərlər
Dadına yetə bilməz.
O masa qurduğun dostlar və tanışlar.
Sənə taylar, sənə tuşlar.
Çata bilməz köməyinə.
Çünki onlar da yanmışlar.
O odun başqa yönündə.
Hamısı sənin günündə.
Ümidi bəsləyəcəksən
haqqına girdiyin insanlara ki,
Onlarda "haram" deyərlər.
Arxanca söyüş söyərlər.
Nə qədər gec deyil, İnsan!
Gəl imanə.
Namazın qıl, niyazın et!
Gedəndə hüzuri-Allah.
Üzün ağ, alnın açıq get!
Əlhəmdülillah!
Ətraflı »
Saqqalı Cahillər

Saqqalı Cahillər

İllər öncə bu rüzgar, döymüşdü məsumların qapılarını. Lap illər öncə. Bizdən çox uzaqdakı məmləkətlərdə. Ölümü belə, şərəfsizləşdirən şərəfsizlərlə.İslamla, müsəlmançılıqla maskalandırdılar ölümü. Cihad adı verdilər ona.

Allah üçün öldürdüklərini söylədilər. Həm də hər şeyi "Ol" deyib, yaradan Allah üçün. Əcəba, onların "Ol" komandası ilə yaradan Allah, "Yox Ol!" deyə komanda verə bilmirmi? Və yaxud, bu cihadları, ağlında cənnətdəki seksi və xoş güzəranını fikirləşən cavanlar dərk edə bilmirlərmi? Dərk edə bilirlər amma başları o qədər cənnətdəki hurilərə qarışıb ki, digərlərini fikirləşmələrinə vaxt tapmırlar.

Nədir bu çirkinliyin özü? Özülü?

Təsəvvür edin ki, onların məntiqincə desək, bir kafir, 10 min nəfərin olduğu bir tadionun, bir terminalın, bir konsert salonunu içindədir. Otururlar, fikirləşirlər ki, o "kafiri" öldürmək üçün bulunduqları yeri, partlatmalıyıq. Bir səy seçirlər, ona həyatı mənasızlaşdıran,"bir quran" (leksikologomuzda çox söz mənasında işlənir) danışdıqdan sonra, bir simvolik taxta qaşıq maketi (guya Məhəmməd Peyğəmbərlə yemək yeyəcək) bir dənə də açar asırlar boynundan, bağlayırlar ona bombanı, göndərirlər ora. Təsəvvür edin onun düşüncəsini. Bir bombanın ipinə bağlıdır onun cənnət sərgüzəştləri. Pornoqrafik huriləri, Peyğəmbərlə üz-üzə yemək xəyalı. Allahım, necədə saf, pak, ümidverici bir xəyaldır. Mən də olsam, edərəm.
Keçək partlatma mərasiminə.
Qurbanlar gəlib ünvana çatırlar, həmin "kafir"(llər)ə uzaq bir məsafədə, bombanın ipini çəkir. Nəticədə, yüzlərlə onunla eyni fikirdə olan müsəlmanların ayrılıb, parçalanmış əzaları o sözdə kafirə ətdən qoruyucu divar olur. Nəticədə onların hədəfdən başqa hamısı ölür.

Əcaib olanı bilirsiz nədir? Biz bu məxluqlarla, eyni dövrdə, eyni ortamda, eyni iş yerində mütəmadi üz-üzə gəlirik, danışırıq. Deyib gülürük. Onların qıldıqları namaza "Allah qəbubul etsin" deyirik, saxtakarcasına. Dualarına "Amin", özlərinə və üzlərinə qardaş deyirik. Erməniyə "dayı" dəmək məsəli.

İkinci ən acınacaqlısı isə odur ki, orda bədənini bir heç uğrunda parçaladana, burada dərin həsəd və sevgi bəsləyirlər. Hətta qısqananlarını da gördüm, anasını satım....

Amma, islam teror deyil, əsil islam o deyil, onlar müsəlman deyil, terorun dini yoxdur kimi şablom cümlələrlə gözümüzü də bağlaya bilirik.

Səbrimiz bol olsun!
Ətraflı »
Tanrım

Tanrım



Bir ömür vermisən, öz ömrünə tən
Fərqlilik bir azca dahiliyindir.
Tənhasan, yalnızsan mənim kimi sən.
Onunla fəxr etmən aliliyindir.

Arada bir görün, gəl söhbət edək.
Bir adi kafedə sənlə tetatet
Gedək əyləncəyə, səyahət edək.
Fərqi yoxdur kino, opera balet.

Dost olmaq istərdim, ayrılmaz, daim.
Bölək ötədəki dünya görəvin.
Məni cəhənnəmə qəddar bir hakim
Üstələn cənnətdə sevda görəvin.

Nə var oturmusan görünməzlərdə?
Millətin dərdinə qaravul çəkək.
Salaq yolsuzluğa hündür bir pərdə
Orda asvalt tökək, ora yol çəkək.

Ya da dəniz göndərək biz Somaliyə
Orda susuz millət gör nələr çəkir.
Onların harayı ucalır göyə.
Bir dilim çörəyə nalələr çəkir.

Bir də Suriya var, itaətkarlar
Rənginə baxmadan, adam öldürür.
Deyirlər kitabda verilib qərar.
Terorla yanaşı cihad sürdürür.

Gəl birgə bunlara bir əncam çəkək
. Körpələr dənizdə boğulmasınlar.
Daim atəşkəsə sərəncam çəkək.
Savaşda, döyüşdə doğulmasınlar.
Gəl görün gözümə, varsansa əgər.
Yoxsansa eybi yox, təsəllim olsun.

Səninlə söhbətim hər şeyə dəyər.
O ötə dünyada hesab sorulsun.
Sənə şəkk gətirmək, deyil həddimə
Amma fikirlərim buraxmır rahat.
Axı dərdlərimi danışım kimə.
Sənin yaratdığındır külli kainat!
Ətraflı »
Yağış

Yağış


Nə gözəl gecədir. Şükür İlahi
Yağış pəncərəmdən üzümə vurur
Təbiət möhtəşəm, təbiət Dahi.
Hər bir damlasından bir həyat uçur.
Uçur yağmurların gəldiyi yerə.
Onlara bəşərdən salam aparır.
Hamının müqəddəs bildiyi yerə
Ümman qədər sevda, məhəbbət saçır.
Hələ o çaxnaşan ildırıma bax.
Səmanı nur basır bir anlığına.
Ümid qığılcımı alovlanaraq
Şəfəq saçır qəlbin qaranlığına.
Ətraflı »
Tolışə şeir (Talışca şeir)

Tolışə şeir (Talışca şeir)




Həsrət kəşdəm bəlelə do livonro
Həmüşəmı təbiətı dəvonro
Sekertıro, həlimdorı, bəvonro.
Mıne bəçma di yad karde şinə di
Büküədə ömr dəvarde şinə di.
Jıqo karde ışta zıvon yod bekam.
Kiro botom, az korəro dard bıkəm
Dəçıma di dəqarde nünə lokəm
Jitımünim dətı marde şinə di
Bükuədəm ömr dəvarde şinə di
Kavüəkerı kavüə sığün, Kəmləkon
Çı Boğını hülə doon, ə məkon
İ rüj mıro harde jivon ebəkan
Şair bətı obəqarde şinə di
Fələk bə peş pebəqardə şinə di
Ətraflı »
"Təpəsi bəlalı LƏLƏ"

"Təpəsi bəlalı LƏLƏ"




Hər şey 2 apreldə Lalə Azərtaşın ATV-dəki Xəbərlərin Xüsusi buraxılışı ilə başladı. Başlıq, nəyə desəniz dəyərdi. Ordumuzun uğurlu əməliyyatı
Lalə xanımda o qədər həyəcan və sevinc hissi var idi ki, Bütün diqqətləri üzərinə çəkmişdi. Dudaqlarının titrəməsi, arada həyəcan səbəbi ilə ona tapşırılan teksti düzgün ifadə edə bilməməsi, qətiyyən tamaşaçılarda əvvəlki, imaalı qınamaları qabartmırdı. Bir hiss yaradırdı insanda özünə qarşı. Dilinə qurban, tez verin də bunu. Və Lələ Təpə tamami ilə Azərbaycanın nəzarəti altına keçmişdi.
Bir vətəndaş olaraq biz də buna qeydsiz qala bilmədik. Ertəsi gün, uğurumuzun canlı şahidi kimi hadisə yerinə üz tutduq. Uzun bir yolçuluqdan sonra vardıq Ağdam rayonuna. Məqsədimiz, Lələ Təpəni görmək, Talış kənddə bir foto çəkmək, kasıb amma tam ürəkdən gələn pay aparmaq igidlərimizə. Məqsədimizə tam nail ola bilməsəkdə, tapdığımızla yetindik. Yol boyu, girdiyimiz iaşə obyektlərin önlərində, Müdafiə Nazirliyimizin Hərbi Sirri Yaymaq barədə Qanun yapışdırılmışdı.
Bir şeyi nəzərdə saxladıq ki, hərbi hissələrə məxsus texnika və şəxsi heyyətlə video və foto kadr edə bilmərik.
Bunları oxuyanda üzüldük təbii ki, cəsurlarımızla bir yadigar foto saxlaya bilmədik. İşin bu hissəsi üzücü olay idi. Digər tərəfdən, bunlara qəhrəman əsgərlərimizin təhlükəsizliyi naminə qatlanmalı idik. Buna bizi məcbur edən yox idi. Özümüz bilirdik ki, biz ora özümüzün reklamı üçün yox, vətən sevgisinə görə üz tutmuşduq.
Özümü çox tərifləməyəcəm. Ağdam Rayonun Baharlı, Çəmənli kəndlərində bir-iki şəkil çəkib, telefonumuzu münasib ciblərimizdə saxalyaraq bacardığımız qədər irəliyə üz tutduq.
Bizimlə yanaşı, şou-biznes nümayəndələri də getmişdilər. Əhsən deyib, vətənpərvərliyinə alqış da edirik. Burada çoxlu adlar var idi. Elton , Manaf, Xatirə, Elnur və digərləri.
Qayıdan baş, öz instagram səhifələrində, bütün postlar, Maddi Texniki Təminat, Texnikaların nömrələrinə kimi, sayına qədər, durduğu mövqelərinə qədər hər şey açıq aydın paylaşılmışdı.
Düzdür, onsuzda ermənilərdən alınan mövgelər idi oralar. Amma hər şeydən öncə, müharibə şəraiti, və hərbi sirrə nəzarət olmalı idi. Bizə edilən kimi, polis və DTX-nin əməkdaşları onları da yoxlamalı, telefonlarına nəzarət edilməli idi. Əminəm ki, bizdə axtardıqları hər şeyi onlarda tapa bilərdilər.
Məqsəd, bizi yüksəldib, onları alçaltmaq deyil. Məsələ, onların özünü reklam etməsidir. Tolik adlanan məxluq, öz səhifəsində bir foto paylaşmışdı. "Talış kənddəyəm"
O fotonu görəndə bir kəlmə rəy verə bildim. Onu da fotonun altında yox. Öz ürəyimdə. Yalançının atabatasına lənət. Tolikin özünə yox ha, Yalançının. Çünki, Talışkənd hələ də işğal altındadır.
Məhşurların bu LƏLƏ TƏPƏ məcarələri Lələmizin Təpəsinə kül tökməyə yetdi.
Bu yazını yazmağımda məqsəd isə, belə incə məsələlərdə, daha diqqətli və həssas olmalarını diqqətə çatdırmaq  idi. Hər şeydən pear güdməyin, Hələ ki, bu belə həssas mövzudursa....

Ətraflı »
Talış və STAN

Talış və STAN




Yuxarıda verdiyim iki sözcük. Daha doğrusu, söz və şəkilçinin (Talış- azərbaycanca, əsli Kaduslardan gəlmiş fars dil qrupuna aid olan xalq-TOLIŞ, stan-türkcədən çevirəndə vəziyyət, şəkilçi kimi artıranda ölkə mənasını verən fars sözüdür) Talışlara yaxından və uzaqdan  heç bir əlaqəsi yoxdur.
Məsələ buradadır ki, yuxarıda hissə-hissə verdiyim o sözün yəni TALIŞISTAN sözünü gündəmə gətirən və özünü mənim xalqımdan olan bir şəxsin fikirləri həmin xalqın yəni bizlərin fikirlərimizlə üst-üstə düşmür. Bu barədə daha geniş açıqlama geyd edəcəyəm. Amma əvvəl xırda da olsa bildiriş verim.
Əlikram Hümbətov Ələkbər oğlu.
Kimdir bu Əlikram?
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini vəzifəsində işləyir.
O, 1948-ci ildə Lerik rayonunda anadan olur. Azərbaycan Politexnik İnsitutunu bitirir.
Lənkəranda bir müddət avtonəqliyyat müəssisəsinin direktor müavini işləyir.
Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən biri olur. Bir az insan tərəfdar yığandan sonra özünü siyasətçi zənn edib, Respublika yaratmaq eşqinə düşür. Lap doğru ifadə ilə desək Muxtar Respublika yaratmaq istəyir. Talış-Muğan-Muxtar Respublikası.
Anti-Sovet iğtişaşları zamanı,qarışıqlıqdan istifadə edərək, 10 gün Lənkəran şəhərin başında dayanır.
Salyan inzibati rayonunda bir post-keçid məntəqəsi qoyaraq, Talışların kompakt yaşadığı əraziləri tərk etmək istəyən talışları geri dönməyə məcbur edir, təslim olmayanları isə güllələtdirir. (Əhalinin dilindən eşitdiklərim-red)
1996-cı ildə məhkum edilir,2004-cü ildə əhv edilir. 2005-ci ildə ölkəni tərk edərək Hollandiyaya sığınır. 2013-cü ildə Ermənistana qondarma Talış-Muğan Respublikasının prezidenti kimi səfər edir. Orada bir sıra dövlət rəsmiləri ilə görüş keçirdərək Tlışların kənarlaşdırıldığından, ayrı-seçkilik edildiyindən, güzəranımızın pisliyindən gileylənərək, Sarksiyan üçün bir xeyli ağlayandan sonra ora sığınır, İrəvan Dövlət Universitetinin Farsşünaslıq fakultəsində Talışşünasliq bölməsi yaradaraq ermənilərə Talış dilinin öyrətməyə başlayır. Erməni xalqı da bir az gicdi axı, bu dilin əlifbasını soruşmadan-etmədən (soruşsaydılar, cavab verə bilməzdi yəgin-red) dili öyrənməyə başlayırlar.
Ermənilər Azərbaycana qarşı ən xırda neqativliyi dəyərləndirdikləri üçün, bunu  fürsət bilib, nəyi var maddi yardım göstərirlər. Bu da etməyib tənbəllik, özünə dayaq durmaq üçün, Masallıdan olan və Sankt-Peterburqda yaşayan, amator kamera ilə özünə Youtube sosial şəbəkəsində efir yaradan Zabil Mədoj adı altında fəaliyyət göstərən Zabil Məhərrəmovu maliyyələşdirir. O qədər maliyyələşdirir ki, Zabil "Zabil Tv"-nin efir vaxtı və əhatəsini genişləndirərək "Talışıstan Tv" adi ilə ortalığa çıxardır.
Başlayır, Azərbaycanın arxasınca damğalamağa.
Bu da, cahil, savadsız Azərbaycan türklərini Talışlara qarşı kin qusmağa məcbur edir. Əslində bu ikili, bunu istəyir. Bu proses baş verdikcə, bunların dəyirmanları işləməyə başlayır və biləvasitə, ermənilərə pullarının hədər yerlərə sərf olunmadığının isbatını verir.
Bir az da bu Talışıstan Tv-dən danışım. Efir xəbər və mədəniyyət üzrə fəaliyyət göstərir. Adının belə doğru olmadığını yuxarıda geyd etmişəm. Adının düzgün olmadığı bir televiziyanın içindəkilərin, məntiqi nəticəsini yəginki özünüz bilirsiz. Amma mən yenə də deyim. Aparıcı Zabil Mədoj iddia edir ki, talış dilində danışır. Amma mən bir talış olaraq, dediklərini tam anlamıram. Çünki, ifadə etdiyi sözlərin əksəriyyəti fars (60 %) Azərbaycan (30%) və Talış (9%) və mən.əyini belə anlamadığım (1%) dildə danışır.
Misal: Im rüjnə bərnamə çəmə xaq şairi Əli Nasiri 60 sornə yubleyi haqqədə bəbe.
Tərcümə: Bu günlük program bizim xalq şairimiz Əli Nasirin 60 illik yubleyi haqqında olacaq.
Bildiyiniz kimi burada Yubiley, Bərnamə və Xalq şairi sözü talış dilində deyil. Fars (Bərnamə) və Azərbaycan dilindən istifadə edir.
Bu isə o deməkdir ki, bunun Talış xalqına heç bir dəxli yoxdur.
Bunu izləyən talışlardan duyarlı olmasını arzu edirəm. Azərbaycan Türklərinə isə demək istəyirəm ki, biz bu torpağın övladıyıq. Üç rəngli bayrağımızın al-qırmızısında Pəncəlilərin, Rəhmanların, Bakirlərin, Çinarların, Agillərin və minlərlə başqa şəhidlərin qanı var. Zabillərin zibilinə düşməyin!
Ətraflı »
AN(Kara)M

AN(Kara)M
















Bu gün çılğın arzuların
O tənha ağacın dibinə gömüldüyü,
Ümidin isə səssiz küçələrin buz tutmuş tavanlarından asıldığı gündür.
Bu gün daha bir günəşin gənc və günahsız insanların matəmi ilə bağlı qap-qara bulud arxasına gömüldüyü
Səma narın gözyaşları ilə küçəyə səpilən səbəbsiz qanların yuduğu gündür.
Bu gün təbiət, qoynunda bəslədiyi bir sıra insanlardan utandığı,
Düşüncələrin cılızlaşmağı ilə maşaya çevrilən terorçu gənclərin lənətləndiyi gündür.
Bu gün, Allahın öz yaratdığları qarşısında aciz qaldığı
Qurban olduğları halda qurban edənlərin günüdür.
Bu gün "An" ların "qara"landığı gündür.
Daha bir Ankara günüdür.



13 Mart 2016
Ətraflı »
Bir gün qərq olacam bu qaranlıq gecələrdə.

Bir gün qərq olacam bu qaranlıq gecələrdə.



Bir gün qərq olacam bu qaranlıq gecələrdə.
İsa Məsih kimi.
Bir gün açacam qəlbimdəki tilsimi,
Bir gün gedəcəm buludlara, səssiz, səmirsiz!
Bir ad qalacaq! Sadə bir ad!

Qopacaq arxamca, şüvənlər
Edəcək sevənlər fəryad!
Ey dad!
bu qəmli sevda,
bir sənət, şeir olacaq!
Düşüncələrdə.
Məzarıma güllər gələcək!
Tər qoxulu qərənfillər.
Səfillər,
Mollalar qonacaq,
pul kasasına,
sevdiklərimin...
Cənnət, cəhənnəm misalı
Mən olmayacam, bilməyəcəm
Nə olub bitdiyini.
Amma nə hala
Onsuz da cəfəngiyat.
Bu gün varam deyə yox sayılmaq,
deyilmi yoxam deyə var sayılmaq tək...

Bir bulud olacam,
Bəlkə bir milçək
Vızıltı gələndə hər cümə günü
Anam ruhdur deyə ağlayacaqdır.
Yuxulara gələcəm.
Bu gun yaxşı gördüm
Sevinib, dünənki işimə mənim
Sevgilim aynanın qabağında,
Gah məsum baxışlı yalvarışıyla, 
gah göz yaşıyla
Üsyan edəcək o günkü günə...

Bunlardan mənə nə,
Bir bayram axşamı,
Bir başqa şənlikdə,
Badəmlə deyilən o arzu, kamı
Dilə gətirəcək dost dediklərim.
Bu onun sözüydü, o söyləmişdi.
Kaş, burda olaydı yenə.
Bunlardan mənə nə?
Övladım rəsmimin önündə durub
Sorar anasına bu kimdir? - deyə

İzahat...

Boğuq və qırıq səsləri ilə
Qulaq cingildədəcək!
Səhər qara yaylığı atıb başına
Oğlumla gələcək məzar başıma
Anacaq bu günü
Gecələr yuxunun şirin çağından
Öpərək, sığalla oyadan əllərimi o.

Heç nə dəyişməz!
Əllər göyə qalxar.
Dodaqdan oxunar "əl-fatihəsi''
Qıraqda oğlumun səsi.
"Gedək də, darıxdım".
Qayıdar balaca aynası üçün.
Dərd paylaşmağa.
Amma mən, seyr edə bilmərəm o qəlbindəki, sevdanı, kədəri,
Açılan tumurcuq, solacaq yenə...
Ətraflı »
Qürur günümüz

Qürur günümüz



Bakı! Dəyərini bilənlərə bax!
Zamanın şövqündən ilhamlanaraq,
Bir anlıq sükuta, qərq olub millət
Anılır o yara, həmin müsibət.
Azad ömür üçün, azad gün üçün
Axışdı meydana,o şərəfli gün
Canlarını sipər etdilər onlar
O şanlı tarixə sipər olanlar.
Doxsanıncı il ,iyirmi yanvar!
Bizim də qürurlü tariximiz var.
Fəhləsi, məmuru, multmilyoneri,
Artıq tapındığı, ali and yeri
Şəhidlər ruhudur, bu xiyabandır.
Azadlıq önünə sərilən candır.

Hamı tökülmüşdü bu yola sarı,
İzdiham örtmüşdü, səki, yolları
*********


Xalqimin qəlbinə sancilan bir ox.
Biləni az, deyəni çox.
Tək anim gününde anılılr bunlar
Pafoslu çıxışa qarnımız da tox!
Yox! Bu menim xalqimin qan yaddaşi yox.
Azadliq gunudur!
Xalq kölə olmasin,
Sinələr dolmasin dərdlə qubarla
Axişdi millətim meydana arla,
Azadliq adında qutlu şüarla.
Və... Həmin azadlıqdır.
Dillərə dastan olacaq böyük azadliq!
Tankin əzdiyi koləliyimdi,
Mərminin vurduğu ezilmiş mənlik.
Tər təmiz olkə
min təmiz günüyçün
Töküldü o qanlar torpaqlarıma.
Yenə də torpağın dar məqamında
Menim qanım olacaq düşmənə dəniz.
Qarabağ uğrunda oləcəm bir gün.
Düşmən öz qanımda boğulacaqdir.
20 yanvarda boğulan kimi.
19 yanvar 2012....
Ətraflı »
Azərbaycana gəlsin

Azərbaycana gəlsin



Süleyman Rüstəmə günümüzün cavabı

Günün günortasında, çökmüş bura qaranlıq.
Zülmət görmək istəyən, Azərbaycana gəlsin.
Bir həyat keşməkeşin, düşünmədən bir anlıq,
Əlbət , görmək istəyən, Azərbaycana gəlsin.

Qoy getsin uzaqlara, hörmət görmək istəyən, 
Yardım görmək istəyən, şəfqət görmək istəyən,
Mərhəmətə ehtiyac, ülfət görmək istəyən.
Nifrət görmək istəyən , azərbaycana gəlsin.

Bizlərdən üz döndərib, qış da, boran da, qar da.
Neft ölkəsi deyirlər, imzamız var , imzalarda.
Bu millətin özüdür, zorlanır torbalarda,
Şəhvət görmək istəyən, Azərbaycana gəlsin!

Beş-altı nazir yığıb, pulu, varı özündə
Elə təkcə onların, təbəssüm var üzündə,
Damlalanır arzular , körpələrin gözündə
Dəhşət görmək istəyən Azərbaycana gəlsin.

Məmurları rüşvətxor, əsgəri bit daşıyan,
Əlilləri küçədə, zombilərə oxşayan,
Milyonlar ölkəsində, dilənçi tək yaşayan
Millət görmək istəyən, Azərbaycana gəlsin.

Bu təb mənə, yoxsulun, ahu-zarından gəlir.
Məmurun rüşvətindən, pulu, varından gəlir.
Nə gəlirsə başına, məmurlarından gəlir,
Rüşvət görmək istəyən, Azərbaycana gəlsin!
Ətraflı »
Nəcməddin YALÇINQAYA- Bir Gün Mütləq

Nəcməddin YALÇINQAYA- Bir Gün Mütləq



Bir gecə yarısı, xəbərsiz döydülər qapımızı acımasızca. Yuxularından etdilər. Qorxu saldılar gözlərinə, uşaqların. Hava yağışlı, soyuq idi. Qapını açıb, icazəsiz girdilər otaqlara. Evdəkilər məətəl qalmışdı. Dillərini udmuşcasına sakit idilər.
-Bura mənim evimdir, cəhənnəm olun gedin evimdən! , deyə bilmədi qadın. Evin hər tərəfini incələyib, axtardılar. Əşyalar yerindən alınır, havaya atılır, ayağ altında əzilirdi. Niyə sə sonra buraxdılar xaraba etməyi. İçlərindən bir nəfər evin xanımına.
Yoldaşın hardadır?
Uşaqlara
-Atanız haradadır? deyə, hiddətlə soruşdu.
Zəif bir səs, bəlkə də, dediyini özü belə e.itməyəcək bir tərzdə.
-Bilmirik, deyə cavab verdi, titrək bədənin titrək səsi ilə.
Oyuncağı əlindən alınmış, geri almaq üçün çapalanan bir uşaq qudurğanlığıyla,
-Atanızın harada olduğunu bilmirsiniz, eləmi? deyərək hücum çəkdi uşaqların üstünə adam.
-Niyə bilmirsiz? Qalın gövdəsini bir az daha şişirdərək daha möhkəm və qorxunc sə tonu ilə
-Atanız hardadır? deyə təkrarladı.
Cavab yoxdur. Otaqda; adamın səsi divarlardan əks səda verir, uşaqların qorxu dolu gözləri bir cüt qara zeytun kimi asılmışdı yanaqlarından.
Bilsənizdə söyləməzsiniz? Mən sizi tanımırammı? dedi heyslənmiş çarəsizliyi ilə.
Ana özünə gələrək.
-Cəhənnəm olun evimdən! deyə bağırmağa başladı. Ağlayırdı... Hıçqırmağa başlamışdı. Ovuclarının içinə aldığı başı və bütün bədəni hıçqırmaqdan sarsılırdı. Uşaqlarda ağlamaqda analarına qoşulmuşdular. Otağı ağlamalar, vay-şüvənlər basmışdı. Uşaqların ağlayaraq analarına sarılması səbrini daşırmışdı. Ana:
-Eşitmədiniz mi? Evimdən cəhənnəm olun dedim! deyə balalarını quruma içgüdüsü ilə hərəkət edən kiçik bir sərçənin çırpınıları ilə qanadlandı adamların üzərinə.
-"Yoldaşımın harda olduğunu siz məndən daha yaxşı bilirsiniz" deyə bildi ancaq. Əslində daha çox danışa bilərdi. Uşaqlarına nəsə edəcəklərindən qurxaraq, susmuşdu.
Ana susmuşdu fəqət, binadakı bütün evlər işıqlarını bir-bir yandırmağa başlamışdılar öncəki qışqırığa. İşıqların yandırılması və səslərin gurlaşmasından qorxan bu masqalı geyri-rəsmi geyimli adamlar otağı tərk etməyə başladılar.
Gözlərində yaş, bədəni qan tər içində uyandı ana. Təlaşla ətrafına baxdı. Heç kim yox idi. Uşaqlar hər şeydən xəbərsiz, cənnətin ən təmiz mələkləri kimi, üstündəki yorğanları düşmüş bir şəkildə yataqlarında yatırdılar. Ana göz yaşları barmağının ucları ilə təmizləyərək ayağa qalxdı. Uşaqların alnından sevgi ilə öpərək, üstlərini örtdü. Pəncərə qabağına gedərək, göy üzündəki ulduzları uzuzn-uzadı seyr etdi. Ardından on il keçmişdi amma o anı heç unutmamışdı.
Ana çarəsiz idi. Yalnız idi, üstəlik yoldaşsız idi. Uşaqları atasız qalmışdı. Bir neçə gün əvvəl oxuduğu bir qəzet köşəsi onu dərindən yaralamışdı. Yarası böyüyüb, göz yaşlarına bürünüb qanayırdı.  Yuxusunda gördüyü adamlar binanın beşinci mərtəbəsindən atlanıb intihat etdilər , yazılmışdı qəzetdə. Bu adamların rəhbəri üzgün olduğunu, intiharı önləyə bilmədiyini geyri-səmimi bir ifadə ilə müxbirlərə poz vermişdi.
Həyat mənasız, hər şey boş gəlirdi anaya. Uşaqlar olmasaydı, neyniyərdi? Necə çəkərdi bu acını? Hər şey uzun bir zaman içində olmasına rəğmən, ərini unutmur, uşaqlarının atasız qalmalarına dözmürdü.
Ürəyinin dərinliklərində son ümidini də həmin qəzetlə qapatmışdı. Hər şey sanki, bir anda olmuşdu. Var və yox olmaq arasındakı o kiçik zaman içində. Uşaqları ilə tək başına qalmışdı, heç kimi yox idi. Tənhalıq duyğusu hürkmüşdü, içi titrədi, ağlamağı bir daha artırdı. Yoldaşının yoxluğuna üzülmüşdü.
"Ürəkli bir idin sən, paylaşmasını bilirdin, məğlubedilməz iradən var idi. Səninlə qürur duyardım. Uşaqların da səninlə qürur duyacaq. Səninlə xoşbəxtəm mən də adam. İndi də qürurlüyam. Ürəyindən keçənlər dudaqlarından otağa yayıldı,  oradan açıq pəncərədən çölə süzüldü, ulduzlar qarşıladı ürəyini...
Ana başını qaldıraraq ulduzlara baxdı. Ulduzlar da anaya.  Ana daha da güçlü idi yalnızlığa qarşı, ulduzlar daha parlaq. Ürəyi dudağında ən dibdəki ulduza baxdı. "Mən bir bahar yeliyəm" dedi səslicə, "Həmişə pəncərəni bağlama, deyərdin mənə. Bax, pəncərəm açıqdır. Amma nə əsən bir yel qaldı, nə də pəncərəmə gül buraxan bir dost əli."

Üsyanım dostlara olsun, təsəllim isə "Bir Gün Mütləq"...


Türkcədən çevirdi: Elməddin RAHİBOĞLU
Ətraflı »
Kədər misraları

Kədər misraları



Kasıbçılıq onları paytaxta qədər gətirib çıxartmışdı. Ailənin yalnız iki üzvü işləyə bilirdi. Ata və oğlu.
Üstlərində bir xəstə ananın da sorumluqları vardı. Qaraciyər serozu olan anaya mütəmadi dərman lazım gəlirdi. Almaq çətin gəlirdi bu ata ilə oğula amma birtəhər üstəsindən gəlirdilər. Ömrünün ən acınacaqlı illəri hələ qabağda idi. Oğlunun hərbi xidmət vaxtı yetişmişdi. Gedib vətəninə borcunu ödəməli idi.

Bir gün səhər evdən ayrıldı Samir. Öncə rayon mərkəzindəki, komissarlığa, oradan da, təyin olunduğu bölməyə getməliydi. Avtovağzaldan rayonuna sarı üz tutdu. Geridə buraxdıqlarının və ananın dərdini çəkə-çəkə irəlilədi. Cibində pulu da yoxdur Samirin. Dünən axşama qədər işlədiyinin qarşılığını götürmüşdü. Hələ birdə, anasının balıncının altına 5 manat buraxmağı da unutmamışdı. Atası erkənci idi. Hər kəs yatdığı səhər saatlarında gedərdi işinə. "Çörək, sübh tezdən gələr" deyərdi, və erkəndən durub gedərdi. Oğlanın gedişindən xəbəri yox idi atanın. O üzdən oyandırmamışdı. Yatsın dincəlsin düşünmüşdü. Oğul, xəstə yatan anasının üzündən öpüb çıxmışdı.

Kürdəmirdə fasilə vermişdi avtobus. Hər kəs düşüb yemək yemək üçün yeməkxanaya girmişdi. Tək Mazlum düşməmişdi avtobusdan. Çox acmışdı. Səhər yeməyi ilə arası olmadığından yemək yeməmişdi səhər-səhər. Cibində avtobusa verəcəyi 10 manat və əlavə xərclər üçün 5 manatı qalırdı. Buradan 1 manat belə yeməyinə verə bilməzdi. Uzun idi yolçuluğu. Başını oturacağın arxa başlığına söykəyib, yatmağa çalışırdı ara-ara. Ac qarnına yuxu gəlmirdi gözlərinə.

Artıq rayon mərkəzinə çatmışdı Samir. Komissarlığa baş çəkmiş, bu gün gecikdiyini və sabah səhər saat 9-da təkrar baş çəkməyini demişdilər komissarlıqdan. Öz qohumları, rayonun ucqar kəndlərində idi. Rayon mərkəzinə yaxın ya heç bir qohumu yox idi, ya da var idi Samir tanımırdı evlərini və ya özlərini. Gecəni harda keçirəcəyinin dərdini çəkirdi. Mehmanxanaya pulu çatmırdı, üstünə də çox ac idi. Bir dönərçiyə gedib, dönər alıb yedi. Artıq qaranlıq çökmüşdü. Aprel ayının istisi avantaj idi əslində parkda gecələmək üçün. Parkda bir skamyaya uzanıb yuxuya getmişdi. Səhər saatlarında bir mühafizəçi polisin bağırtısıyla oyanmışdı yuxudan.

Üstünə, başına düzəliş verib, saat səkkizdə komissarlığın qabağına gəlmişdi. Komissarlığda hələ ki heç kim yox idi. İlk gələn komissarlıq işçisi də bunun vətən sevgisini təqdir etmişdi. Başına sığal çəkib, "Vətənin sizin kimi igidlərə ehtiyacı var" demişdi.

Yoxlanışdan sonra, yenə buraxmışdılar Samiri.
-Axşam saat 12-də təkrar gəlin sizi yola salaq, demişdilər.
Yenə küçəyə vermişdi özünü. Parklarda gözləyəcəkdi saatların əqrəblərini. Qarnını aclığı ilə, ürəyinin qəhəri ilə, xəstə ana düşüncəsi ilə.

Dedikləri saat gəlib çıxmışdı. Yenə hərkəsdən öncə gəlib çıxmışdı Samir. Qatara minib Bakıya qayıtmışdı, Hərbi toplanış və bölünmə mərkəzinə. Hər kəsin valideynləri yanında idi. Orada tanış olduq Samirlə. Bir küncdə oturmuşdu, dəmir yolu relesin üstündə.

Gedib yanında oturdum. Gözlərindən ixtiyarsız yaş axırdı. Hər kəs ailəsi ilə bir şeylər yeyib içirdi. Uzun bir ayrılığın həsrətini paylaşırdılar, biz iki nəfərdən başqa. Gedib, köşədən iki dönər, iki yarımlitirlik kola aldım. Samirin yanında oturub, ona uzatdım. Qəbul etmədi öncə. Sifətinin solğunluğundan ac olması hiss olunurdu. Yanında qoydum dönərlə suyu. Uzaqlaşırdım ki, bəlkə çəkinir, sonra yeyər. Bir addım atmamışdım ki, dönərlə kolanı əlinə götürüb, "Sağ ol" dedi.
-Buyur, deyib yerə oturdum. Səssiz yeməyə başladıq. Yemək bitən kimi bir siqaret çıxartım. Üsulunca təklif etdim. Birini çıxartdı. Yandırdım siqaretləri.

Hamı bölmələrə dağılmışdı. Eyni bölmədə eyni yatağı paylaşmalı olduq. Bizi rütbələrini tanımadığımız hərbiçilər cərgəyə düzdülər. Ən öndə mən durmuşdum. Tualet təmizləmək üçün məni qabağa çəkdilər. İkinci könüllü istədilər, Samir çıxdı. Bir-birimizin yanı başı tualet təmizləməyə yollandıq. Biz sıradan ayrılan kimi kimlərsə arxamızca gülübmüş. Gəlib bizi arxaya çağırdılar. Bizə gülənləri zor-güclə tualet təmizləməyə apardılar.

Oradan bir başqa yerə, oradan da bir başqa yerə bölündük. Yüz nəfərdən son ünvanımıza qədər 8 nəfər qalmışdıq. Samir mənimlə o 8 nəfərin içində idi. Qarantinimiz bir yerdə keçdi. Eyni bölməyə sərhədə getdik. Qardaşlarımla mütəmadi əlaqə saxlayıb, Samiri də danışdırırdım ailəsi ilə.

Bir qış ayın çovğununda oduna getmişdik. Hava küləkli idi. Yığdığım udunlarla qar uçqunun altında qalmışdım. Samir çəkib çıxartdı məni oradan. Çiyninə alıb, bölməyə gətirdi. Donvurma ilə hərbi hospitala göndərilmişdim. 6 gün ayrı qaldıq Samirdən. 6 gün sonra bölməyə qayıtdım. Əksər vaxtlarda bir çıxardıq saatdar xidmətinə. Heç kim bizim birimizin gözünün üstündə qaşın var deyə bilmirdi.

Bir il üç ay keçmişdi xidmətimizdən. Qardaşım bizim gizirə zəng edib, məni çağırtdırmışdı telefona. Samirin anasının dünyasını dəyişdiyi xəbərini verdi. Bölmə rəhbərinə məruzə edib xəbəri verdim. 10 günlük məzuniyyət yazdılar Samirə. Xəbəri yox idi anasının ölümündən. Ağlaşıb ayrıldıq. Evə gedirsən, bəs niyə ağlayırsan? demişdim sarılanda.
-Nə bilim, bunun-burasında üç ayımız qalmışdı, bitirib gedəcəkdik. Bu məzuniyyət hardan çıxdı? deyə, söhbət keçdi aramızda.

Samir, rayon yolunda getdiyi taksi ilə yol qəzası keçirtmişdi. Anasının üçündə, təslim olmuşdu cansız bədəni evinə....
Ətraflı »
Qonşu evin işıqları-Cəmilə Məmmədli

Qonşu evin işıqları-Cəmilə Məmmədli



Bu yazımda sizi Cəmilə Məmmədlinin "Qonşu evin işıqları" kitabı ilə tanış edəcəyəm. Bu kitabda Cəmilə Məmmədlinin bir neçə dövr ərzində qələmə aldığı müxtəlif səpkili sosial məişət zəminində və absurtizmdən qidalanmış 12 hekayəsi və bir povesti məhz kitabın adını daşıdığı "Qonşu evin işıqları" povesti yer almaqdadır.
Kitab, müəllifin oxucusuna müraciəti ilə başlayır, və gözəl tənqidçi yazar Cavid Qədirin yazısı ilə davam edir.
Keçək kitabın özətinə. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

İlk yer alan hekayə-Aynalar. Bəyəndiyim, bəzi yerdə məyus olduğum, bəzi yerində isə təbəssüm yaradan bir hekayə idi. Məişət zəminində yazılan hekayədir. Müəllif hekayədə eyiblərini aynada axtaran bir qadından söz edir. Hekayənin quruluşu, sujeti və bədiiliyi nəzərəçarpacaq dərəcədə yaxşıdır.

İkinci hekayədə isə bir "Peşəkar" tənbəldən söz edilir. Peşəkar hekayəsindəki Cavid, əslində redaksiyadakı hər kəsdən savadlıdır, düşüncəlidir. Baş redaktordan belə. Amma gəl ki, 3 həftə əvvəl ona tapşırılmış 8 mart haqqında yazını hələ yazıb bitirməyib. Səbəb Cavidin heçdə tənbəl olması deyil.
Qadınlar bayramında neqativ nəsə yaza bilməməsidir. Hekayayədəki obrazlar, süjet xətti yerli yerindədir. Bu hekayədə möhtəşəm bir professionallıq hiss olunur. Redaktədən çıxanda "peşəkar tənbəl" sözündəkinin "l" hərfinin yaddan çıxdığını da yazıram ki, diqqətlə oxuduğumu anlamış olsunlar.

Üçüncü hekayə, Axmaq. Bu hekayədəki sujet və bədiilik məni qane etmədi. Amma başa düşmədiyim məqamlar da ola bilər ki, bu hekayə barəsində mənfi rəy verməyimə əngəl olar.

Dördüncü, Romanı necə yazmalı, hekayəsində də mənim rəyimə görə "Axmaq" hekayəsindən fərqlənmir. Mənə görə. Bu hekayədə yazıçılığın çətinliyindən söhbət gedir. Absurdizmə gözəl nümunədir.

Beşinci, "Nikbin" hekayəsi də "Axmaq", "Romanı necə yazmalı" stilinə uyğun yazılmış bir hekayədir.
Noğul hekayəsi sujet xətti, bədiilik, və ədəbi axın pe.əkarlığı hiss olunur. Müharibə dövründən bəhs edir.

Çiçəklərlə danışan adam hekayəsi kitabın gözəlliyini özündə əks etdirir. Mirzə Cəlil abu-havası gəlir Cəmilənin hərəkətlərindən. Diqqəti çəkən məqam odur ki, dövrün bu qədər irəliləməsinə baxmayaraq, hələ də eyni hadisələr cərəyan edə bilir. Bu kitabda Ən bəyəndiyim hekayə idi.

Dahi ilə görüş də gözəl hekayə idi. Düşündürən hekayə idi. Bir oxucu kimi məni özünə valeh etməyi bacardı.

Səkkizinci hekayə, Portret hekayəsi ilə bədiilik və ədəbi axın, proseslərin baş verməsi ardıcıllığını çox bəyəndim. Gözəl təcrübə işi hiss olunur. İçərisi ilə bağlı heçnə demirəm. Şiddətlə oxumağınızı tövsiyyə edirəm.

Addım hekayəsi, çox anlamlı bir hekayədir. Dini təbliğ etmir amma cənnət və cəhənnəmdən bəhs edir. Düşündürücüdür.

Qəsr hekayəsi də təqdirə layiqdir. Nağıl janrında yazılıb. Çox gözəl bir hekayədir. Hiss olunur ki, yazıçı hansısa cizgi filmdən ilhamlanıb.

39 güllü don hekayəsinin bədii tərəfini bəyəndim. Sujetlə bağlı heç bir fikrm yoxdur. Bəlkə də təkrar oxumağıma ehtiyac var.

Çıxıb gəldik sona. Yəni povestə. Povest ən çox klassik ədəbiyyat nümunələrini mənə hiss etdirdi. İçəriyi ilə ən qısa ipucu verəməyəcəm ki, oxumayan oxucu oxumağa cəhd eləsin. Kitabı alıb evə gələndə, qardaşım kitabı aldı, povest olan hissəni açdı. Baxn kimi soruşdu?
-Bu qonşunun sayğacı "leve" olub?
O sualı mən ünvanlayram oxumayanlara
Qonşu evin işıqları niyə söndü?

Kitabın üzü diqqətçəkici bir dizayndır. Kitab haqqında bu qədər. Sualıma cavab tapan, aşağıda, rəy yerində cavab versələr, müəllifin ikinci kitabını məndən hədiyyə alarlar.

Müəllifin digər yaradıcılığı ilə bu yazıya tıklayaraq tanış ola bilərsiniz.
Ətraflı »
Cəhənnəmə yolçuluq

Cəhənnəmə yolçuluq


Cəhənnəmə yolçuluq

Heç görmədiyim, qəribə bir mühitə düşmüşdüm.
Ərəbistan səhralarına oxşayırdı. Bəzi yerlərdə çadır kimi nəsə düzəldilmişdi... Ayağıma zəncir zəncirə isə iki mən ağırlığımda daş bağlanılmışdı.  Bir qumdan düzəldilmiş təpəciyin yanına gəldim. Təpəciyin qapısı vardı.  Bir az o yanda bir yarıçılpaq qız paltar yuyurdu. Adam görməyimə sevindim...

Qıza:-"Mənə kömək elə" demək istəyirdim, o məni başa düşmürdü. Əlini qapıya tərəf uzadıb "go " dedi:

Qızın ingilis dilini bildiyini hiss etdim. İngilis dilini bilmədiyim üçün çox peşman idim. "Thank you" deyib, içəri girmək istədim, ayaqlarım getmədi. Huşumu itirib yerə yıxıldım. İçəridə ayılanda gördüm ki, Elçin İlqaroğlu qızın paltar yuduğu suyu başıma tökür. Baxmayaraq paltar yuyulmuş su idi. Təmiz şəffaf suya oxşayırdı.

 Nəsimi Nəbizadə bir küncdə zikr tuturdu. İçəriyə daha iki qapı var idi. Bir yarıaralanmış qapıdan qadın səsi eşidilirdi. Nə danışdıqlarını anlaya bilmirdim. Bir saqqallı qarnı piydən şişmiş kişi Nəsimiyə  ərəbcə nəsə dedi. Nəsimi bizə:

 -Qalxın gedirik... Burdakılar qalxdı. Daş hələdə məndən sallanmış dururdu.  Kişi Nəsimiyə yenə nəsə dedi və dəmir halqaya keçirilmiş açar verdi. Nəsimi ayağımdakı zənciri açdı, məndə ayağa qalxdım. Hara getdiyimizi soruşmaq istəyirdim, Anar böyük qəbahət etmişəm kimi mənə baxdı və şəhadət  barmağını dodaqlarına apararaq sus işarəsi verdi. Əsgərlik sırası kimi düzülmüşdük. Yarı açılmış qapı tam açıldı içəridən Xumara Cəfərli, Günəş Xəzan,Ülviyyə Vəliyeva və tanımadığım amma bu qəbildən olan daha 11 nəfər xanım çıxdı. Xanımlar hammısı eyni stildə geyinmişdilər. Qara şalvar ,ağ don dizdən yuxarı və köynəklərin üstündə ərəb əlifbası ilə nəsə yazılmış yazı, birdə üzü az bir şəkildə ğörünən saqqallı kişi şəkli.

 Xanımlar çıxıb düşdülər qabağa. Bizdə arxalarına  düşdük. Murad Köhnəqala , eyni mənim gəldiyim kimi, daşla aşağıdan qalxırdı. Qızmar günəş başımıza işləyirdi. Fəxri boynunda foto kamera bizim başçımızdan nəsə soruşur ərəb dilində qeyd kitabçasına yazırdı. Fəxriyə yaxınlaşıb salamlaşmaq istədim. Anar yenə qollarımdan çəkdi və mənə yenə tərs tərs baxdı. Bizi eyni bu qum daxması kimi bir yerə apardılar... Həmin saqqallı kişi ərəbcə deyirdi Nəsimi isə tərcümə edirdi... Anladığım qədəri ilə kişilərdən ibarət qrupun rəhbəri Elçin, Onun nizam intizam işləri üzrə müavini Anar, Tərcüməçi Nəsimi, Kadrlar Şöbəsində mütəxəsislər  Xumara və Günəş xanım, Baş koordinator Ülviyyə Sənəd işlərində Murad, Ümumi nəzarətçimiz isə Fəxri oldu...

  Gün yarısını ötmüşdü. Hamımız oturub narar yeməyi gözləyirdik. Nəsimi bir küncdə oturmuşdu. Elçin dizəcən batmış qumluğun üzərində o yana gedir, bu yana gəlirdi.
Saqqallı kişi:

-Başım gicəlləndi otur görüm
 Elçin : Belə şey olar?
 Bilsəydim mollalara qulaq asardım. Yəne bunun bir dönüşü olmaz görəsən. Hirsindən dodaqlarını dişləyir ah off edirdi.
Nəsimi:  Əslində mən bir çıxış yolu bilirəm. Bildiyimiz kimi Allah böyükdür, mərhəmətlidir. O tövbələri hər zaman qəbul eliyəndir.
 Hacı Anar:

-Nədir? Demək itəyirsən indi tövbə etmək mümkündür? Bir qırağda sifəti tərlə çeşmələnə Asif Eminov cəld  ayağa qalxdı və Nəsimiyə :
-Ay Yaşa . Bax buna deyərlər siyasət. Heç Hitlerin başı belə işləməzdi. Gülümsüyürəm. Bunların içində deyəsən ən dözümlüsü mən idim. Çünki, bütün bu çətinlikləri adi dünyada görüb öyrəşmişdim.. Saqqallı kişi ah çəkib sükutluğunu pozdu.

- Mən Azərbaycanda tanınmış bir məscidin axundu idim. Ağlım kəsəndən ibadət  eliyirdim. Adım Səlimdir. Daha doğrusu Hacı Səlim. Nəsimi nəsə demək istədi. Anar  dodağlarını bir birindən ayıraraq kinayəli "NÇ" səsini çıxartdı . Yenidən sükut çökdü. Firuzə  bir az uzağda qızlarla pıçıldaşırdı , yaxına gəldi. Artıq hamının maraqla qulaq asacağı tək  Hacı Səlim idi. Hamıda belə bir sual yaranmışdı ki, niyə görəsən ibadət edən şəxs bizimlə bir yerdədir? Hacı davam elədi.
- Mən dörd dəfə Həcc ziyarətinə getmişdim. Birinci istisna qalan üçündə isə ticarət adıyla. Nəsimi həmişəki zarafatlardan qalmayaraq :

-Aha ,4 qat Həcc çempionu,- dedi və duruxdu...
Hacı:
- Mən bir avtomobil qəzasında dünyanı dəyişdim. Bu dünyaya gözümü açanda bir gozəl qız məni üstündə qəbul şöbəsi (ərəbcə) yazılmış bir otağa apardı.
Nəsimi :
-Məni aparan qızın sifəti ümumiyyətlə görsənmirdi.
Söhbətin axarını qrupdan çıxan qəhqəhə pozdu. Nəsimi eynəyinin altından filosof baxışı alaraq insanları süzdü və
- Nədi, düz deyirəm də, deyə əlavə etdi...
Günəş :
- Nəsimi, imkan verdə. Kişi əsas məsələni danışacağdı...
Hacı Səlim:
- Polislərin dili ilə desək məni istintaq otağına apardılar. İki nəfər başı insan bədəni quş arxası bizə tərəf olan kişinin sualına cavab verirdi. Əlavə etdi. Deyirəm necədə bilirmişləre bu dünyada nə baş vediyini (başını yelləyir)
 Nəsimi:

-Daha
Səlim :
-Ümumiyyətlə nə yazdılar, pozdular bilmədim, axırda,- bunu Vrujena aparın dedi, adam.
 İki mən boyda bir kişi qoltuğuma girib məni bura gətirdi.
 Xumara Fəxriyə:
-Bunları qeyd elə.
 Firuzə yavaş yavaş arxaya çəkilib, Ülviyənin qulağına nəsə pıçıldadı. Hərə bir tinə çəkildi. Günəş mənə məlum olmayan ərzaqlardan yemək hazırlayıb, iki yerə ayırdı. Birini xanım toplumunun qabağına qoydu . Birini də bizim qabağımıza tullayaraq.- Ala zıkkılmlayın dedi...
 Gün çox ağır keçdi  amma Səlimin hekayəsi bizi bir az ruhlandırmışdı....
Qapının cırıltı ilə açılması, məni yuxudan oyatdı...
Ətraflı »